×
A
A
A
Sazlamalar

ÜST-də hesab edirlər ki, COVID-19 ilə bağlı ölüm halları barədə məlumatlar tam deyil

Bakı, 12 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru və bu təşkilatın nümayəndələri jurnalistlərlə görüşdə onları ictimai səhiyyə sahəsində Ebola, COVID-19 və vəba ilə bağlı fövqəladə hallar barədə məlumatlandırıblar.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin baş direktoru doktor Tedros Gebreyesus Uqandanı təbrik edib. Baş direktor vurğulayıb ki, bu ölkədə təhlükəli Ebola ştamı ilk dəfə 4 ay bundan əvvəl aşkar edilib və ötən müddətdə ştamın yayılmasını dayandırmaq mümkün olub. Baş direktor vurğulayıb ki, bu ştama qarşı vaksin olmadığına baxmayaraq, Uqandanın hakimiyyət orqanları və ölkə ictimaiyyəti ictimai səhiyyə sahəsində sınaqdan keçirilmiş vasitələrin köməyi ilə infeksiyanın öhdəsindən gəlmək mümkün olduğunu sübut ediblər.
Doktor Gebreyesusun sözlərinə görə, son yarım ildə koronavirus infeksiyası ilə bağlı bütün ölüm hallarının 90 faizi yaşı 65-dən çox olan adamlara aiddir. 194 ölkədən yalnız 53-ü vəfat edənlərin yaşı barədə məlumat təqdim edir. ÜST rəhbəri bu sahədə vəziyyəti dəyişməyə çağırıb.
İnfeksiyadan qorunma çərçivəsində ÜST yenə də insanların çox olduğu məkanlarda, xüsusən ventilyasiyası pis olan yerlərdə hamının maska taxmasını tövsiyə edir.
Vəba xəstəliyinə gəldikdə, keçən ilin yanvar ayından bəri 31 ölkə bu infeksiyanın yayılması barədə məlumat verib. Bu, əvvəlki illərlə müqayisədə 50 faiz çoxdur. Bundan əlavə, xəstəlik daha geniş miqyas alıb və ölümcül xarakter daşıyır.
Tedros Gebreyesusun sözlərinə görə, infeksiyaların yayılmasından əvvəl qasırğalar, daşqınlar və quraqlıq kimi iqlim hadisələri baş verir. İllər boyu müharıbə gedən Haiti, Malavi və Suriyada xüsusilə təhlükəli vəziyyət yaranıb. Bu ölkələrdə vaksin çatışmır. ÜST əvvəllər vəba müşahidə olunmuş bütün ölkələrə tövsiyə edib ki, yeni epidemiya hallarına hazırlığı artırsınlar. Doktor Gebreyesus vaksin istehsalını artıran şirkətlərə təşəkkürünü bildirib.

Səhiyyə 2023-01-12 12:37:00