Aİ və ÜST Tərtərdə psixi sağlamlıq üzrə potensialın artırılması üçün təlimlər keçirib
Bakı, 5 yanvar, AZƏRTAC
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Səhiyyə Nazirliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin səhiyyə xidməti göstərən həkimlər üçün “mhGAP” (psixi sağlamlıq sahəsində boşluqları aradan qaldırmaq üçün tədbirlər planı) təlimi təşkil edib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “mhGAP” üzrə təlimçilər üçün təlim proqramını tamamlamış yerli təlimçilər - Nərmin Osmanlı (ÜST Azərbaycan), Vəfa Şirinova (Səhiyyə Nazirliyi) və Vüsalə Əliyeva (TƏBİB) ilkin səhiyyə xidməti göstərən həkimlərdə ən çox rast gəlinən psixi sağlamlıq pozuntularını müəyyən etmək, idarə etmək və yönləndirmək üzrə təlim keçiblər.
Təlimdə klinik depressiya, təşviş pozuntuları, posttravmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq pozuntuları haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri barəsində sessiyalar yer alıb. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə rol oyunları və qrup işləri təşkil olunub.
Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi psixi sağlamlıq və psixososial dəstək üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək