×
A
A
A
Sazlamalar

Xroniki öskürəyin səbəbləri

Bakı, 29 noyabr, AZƏRTAC

Ən çox narahatlıq doğuran hallardan biri öskürəkdir. Öskürək əsasən qış aylarında, eləcə də qışdan yaza keçid dövründə virus infeksiyaları və soyuqdəymə zamanı yaranır, bəzən uzun müddət davam edir.
Həkimlərin dediyinə görə, öskürəyin əsas səbəblərindən biri tənəffüs yolu infeksiyaları sayılır. Qrip, zökəm, eləcə də sətəlcəm, bronxit, loringit və digər tənəffüs yolu problemləri öskürəyin yaranmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Əminə İsmixanova deyib: “Onu qeyd etmək lazımdır ki, adətən virus xəstəliklərində öskürək 2-4 həftədən çox çəkmir. Öskürək 4 həftədən çox davam edərsə, mütləq şəkildə başqa səbəblərdən şübhələnmək lazımdır. Adətən uşaqlarda öskürəyin müalicə edilməsi məsləhət görülmür. Lakin əgər uzun müddət davam edirsə, səbəbini araşdırandan sonra müalicəyə başlamaq lazımdır. Yalnız hər hansı bir ağırlaşma baş verərsə, antibiotik məsləhət görülür”.
Xroniki öskürəyin səbəblərindən biri də allergiyadır. Öskürəklə yanaşı, asqırma, gözlərdə sulanma allergik reaksiyalardan xəbər verir. Mütəxəssislərin fikrincə, öskürəyin müalicəsi çox zaman sadə olur. Lakin bəzən xəstəlik dərinləşir, ağırlaşır və antibiotik müalicəsi lazım gəlir.
“Axşam saatlarında tez-tez quru öskürək baş verirsə, bu, əsasən allergik və virus mənşəli ola bilər. Xəstə yatdıqdan sonra oyanıb öskürməyə başlayırsa, buna səbəb reflüks sinusid ola bilər, yaxud çox hərəkət etdikdə, gülərkən, ağlayarkən öskürək artmağa başlayarsa, bu zaman astma xəstəliyindən şübhələnmək olar”,- deyə həkim-infeksionist bildirib.
Mütəxəssislər deyirlər ki, bol su istehlakı, bədəni nizamlı yuxu və idmanla gücləndirmək, havasız və tozlu mühitlərdən uzaq durmaq, müntəzəm qaydada təbii qidalarla immun sistemini möhkəmləndirmək öskürəyə qarşı görülə bilən sadə tədbirlərdəndir.

Səhiyyə 2022-11-29 14:26:00