×
A
A
A
Sazlamalar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində “Açıq Məlumatlar Portalı”nın təqdimatı keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Açıq Məlumatlar Portalı”nın yenilənmiş versiyasının ictimaiyyətə təqdimatı keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, portalın yenilənmiş versiyasında bir neçə dövlət qurumunun 20 kateqoriya və 500-dən çox xidmətlə bağlı açıq məlumatları mövcuddur.
“Açıq Məlumatlar Portalı” dövlət orqanlarında və digər qurumlarda formalaşan açıq məlumatların insan və maşın tərəfindən oxunabilən və rəqəmsal formatlarda təqdim edildiyi sistemdir. Portal ölkədə olan açıq məlumatları vahid bir platformada toplayaraq onların müxtəlif formatlarda təqdim edilməsini həyata keçirir. Layihə texniki olaraq “AzİnTelecom” MMC tərəfindən ərsəyə gəlib.
Portalın yenilənmiş versiyası bir sıra üstünlüklərə malikdir. Yeni versiyada son texnologiyaların tətbiqi ilə daha dayanıqlı arxitekturanın qurulması, yeni dizayn ilə istifadəçi rahatlığının təmin edilməsi və məlumatların maşın tərəfindən də oxunabilən formatlarla yanaşı insan tərəfindən oxunabilən formatlarda da (JSON, XML, CSV, XLS, DOC, PDF) təqdim olunması təmin edilib. Eyni zamanda, portalda mövcud olan kateqoriyalar zənginləşdirilib, yeni xidmətlərin əlavə edilməsi funksionallığı asanlaşdırılıb və istifadəçilər üçün genişləndirilmiş axtarış imkanı əlavə olunub.
“Açıq Məlumatlar Portalı” dövlət qurumları və vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin və şəffaflığın artırılmasına müsbət töhfəsini verəcək.
İnnovasiya ekosisteminin oyunçuları portaldakı məlumatlardan istifadə edərək data əsaslı yeni məhsul və xidmətlər yarada biləcək, eyni zamanda, elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən tədqiqatçılar bu Portalda öz əksini tapmış açıq dövlət məlumatları vasitəsilə təhlil və tədqiqat işlərini daha keyfiyyətli təşkil edə biləcəklər.
İRİA-nın sədr müavinin vəzifələrini müvəqqəti icra edən Rəşad Xalıqov qeyd edib ki, “Açıq Məlumatlar Portalı”nın inkişafı ölkədə rəqəmsal inkişaf sahəsində atılan vacib addımlardan biridir.
Portalın təqdimatında dövlət qurumları və özəl sektor nümayəndələri ilə yanaşı startap ekosisteminin fəal təmsilçiləri də iştirak edib.

 

İKT 2022-11-28 16:43:00