×
A
A
A
Sazlamalar

Son bir ayda Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 1001 nəfər müraciət edib

Bakı, 28 noyabr, AZƏRTAC

Son bir ayda icbari tibbi sığorta çərçivəsində Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 1001 nəfər müraciət edib. Müraciət edənlərdən 89 nəfər stasionar, 912 nəfər isə ambulator müalicə alıb.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Yoluxucu xəstəliklər şöbəsi mərkəzin VII korpusunun II mərtəbəsində yerləşir və 44 çarpayı ilə təchiz edilib. Şöbədə 10 həkim, 12 tibb bacısı və 14 xadimə olmaqla 36 nəfərdən ibarət tibb personalı xidmət göstərir.
Şöbədə bütün növ infeksion xəstəliklər üzrə ambulator və stasionar qaydada tibbi xidmət göstərilir. Həkimlər tərəfindən xəstəliklərin müasir tibbi yanaşmalarla müayinə diaqnostikası və müalicəsi həyata keçirilir.
Yoluxucu xəstəliklər şöbəsində infeksion hepatitlər (A, B və C virus hepatiti), dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, erizipel, qarayara, qazlı qanqrena, diabetik yaralar), sümük və oynaq infeksiyaları (osteomielit, septik artritlər, protez infeksiyaları), mərkəzi sinir sisteminin infeksiyaları (meningit, ensefalit, kəllədaxili abseslər), üst və alt tənəffüs sisteminin infeksiyaları (tonzillit, faringit, sinuzit, kəskin respirator xəstəliklər, pnevmoniyalar), mədə-bağırsaq sisteminin infeksiyaları (gastroenteritlər, qida infeksiyaları), sidik-cinsiyyət sisteminin infeksiyaları (pielonefrit, uretrit, sistit, vaginit, vaginal kandidioz), zoonoz və parazitar infeksiyalar (brusellyoz, tularemiya, leismanioz, exinokokkoz, amöbioz və digər), qurd xəstəlikləri (askaridoz, enterobioz, lamblioz və digər), tetanus, quduz xəstəliyi, qan dövranı sistemi infeksiyaları (endokardıt, septisemiya), səbəbi bilinməyən qızdırmalar, infeksion mononukleoz kimi xəstəliklərin müayinə və müalicəsi aparılır.
Qeyd edilib ki, digər şöbələrdə olduğu kimi, burada da xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində mövcuddur. Bu xidmətlərdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.

Səhiyyə 2022-11-28 12:28:00