×
A
A
A
Sazlamalar

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Kazan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığa başlayıb

Quba, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Kazan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandumda tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, təcrübə və ixtisasartırma kurslarının təşkili yolu ilə kadrların hazırlanması nəzərdə tutulur.
Memorandumun imzalanması ilə əlaqədar təşkil olunan görüşdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, elmi işlər üzrə direktor müavini Sevil Süleymanova, Quba Regional Aqrar Elm Mərkəzinin direktoru İslam Bəyəhmədov, Kazan Dövlət Aqrar Universitetinin rektoru Ayrat Vəliyev, Meşə təsərrüfatı və ekologiya fakültəsinin dekanı Renat Qafiyatov, Meşə təsərrüfatı və meşə plantasiyaları kafedrasının professoru Xaris Musin iştirak ediblər.
Qonaqlara Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, icra olunan layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.
İnstitutda fəaliyyət göstərən mikroklonal çoxaltma laboratoriyası, istixana kompleksi, yeni fəaliyyətə başlayan molekulyar biologiya laboratoriyasında müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni metod və üsullarla tanışlıq həyata keçirilib.
Görüşdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Kənd təsərrüfatı 2022-11-25 10:42:00