×
A
A
A
Sazlamalar

Gənclər və İdman Nazirliyi IT sistemlərini “Hökumət buludu”na köçürür

Bakı, 18 noyabr, AZƏRTAC

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət təşkilatlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyi xidmət səviyyəsinin artırılması və daha çevik həllərə malik olmaq məqsədilə IT sistemlərinin “Hökumət buludu”na miqrasiyası çərçivəsində “AzInTelecom” MMC-nin IaaS (Infrastructure - as a Service) bulud infrastrukturu xidmətini əldə edib. Həmçinin Gənclər və İdman Nazirliyinin “Microsoft Windows Server” məhsulları ilə təmin olunması də həyata keçirilib. Hazırda nazirliyin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS - Backup as a Service) bulud xidmətindən yararlanması ilə bağlı danışıqlar davam etdirilir.
Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

İKT 2022-11-18 15:38:00