×
A
A
A
Sazlamalar

SİMA mobil tətbiqinin istifadəçi sayı 100 mini ötüb

Bakı, 3 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA mobil tətbiqinin istifadəçilərinin sayı 100 mini ötüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, SİMA rəqəmsal imza ilə rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr üzrə xidmət və məhsullar əldə etmək mümkündür.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Hazırda müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkət və dövlət qurumlarının SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyası həyata keçirilir.
Bu günədək maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC inteqrasiyanı yekunlaşdırıb. Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat”ın məhsullarını SİMA rəqəmsal imza vasitəsilə əldə etmək olar.
Bundan əlavə, SİMA ilə FİNDOC platformasına daxil olan vətəndaşlar özlərinin kredit skorunu, tarixçələri və hesabatı əldə edə bilərlər. Həmçinin vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən də sənədləri SİMA ilə daha rahat imzalamaq olar.
Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 60-dan çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Xatırladaq ki, SİMA yeni nəsil rəqəmsal imza 2022-ci ilin fevral ayında istifadəyə verilib. Qısa müddət ərzində bu nəticənin əldə edilməsi SİMA-ya olan etimadın göstəricisidir.
Vətəndaşlar “Play Store” və ya “App Store” platformaları üzərindən SİMA mobil tətbiqini yükləyib, sadəcə şəxsiyyət vəsiqəsi təqdim etməklə biometrik qeydiyyatı tamamlayıb rəqəmsal imzaya sahib ola bilərlər.

İKT 2022-11-03 12:15:00