×
A
A
A
Sazlamalar

“Aviakosmik texnikası üçün müasir alüminium ərintiləri" mövzusunda dəyirmi masa keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

“Aviakosmik texnikası üçün müasir alüminium ərintiləri” mövzusunda Azərbaycan Mühəndislik Akademiyası ilə “Azəralüminium” MMC arasında Milli Aviasiya Akademiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş birgə dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov tədbirin açılışında bildirib ki, aviasiya sənayesində alüminium, əsasən ərintilər şəklində tətbiq olunur. Alüminium ərintilərindən hazırlanmış lövhələrdən təyyarənin həm daxili çərçivəsini, həm də xarici karkasını hazırlamaq üçün istifadə edilir. Təyyarələrdə isə qalınlığı 3,3 ilə 0,25 millimetr arasında olan alüminium lövhələrdən istifadə olunur.
Diqqətə çatdırıb ki, alüminium ərintiləri aşağı sıxlıq, yüksək möhkəmlik, korroziyaya davamlılıq, təzyiq, qaynaq və kəsmə ilə emal zamanı texnolojilik qabiliyyəti kimi xüsusiyyətləri özündə birləşdirir. Yüksək təsir gücünə görə alüminium ərintiləri aviasiya sənayesində ən vacib struktur materialdır. Təyyarələrin 2/3 hissəsi alüminium ərintilərindən hazırlanır. Beləliklə, bu materialdan düzgün istifadə texniki istismar səviyyəsinin və aviasiya texnikasının iş vaxtının və etibarlılığının artmasına kömək edir. Dünyanın ən böyük təyyarə istehsalçıları unikal xüsusiyyətlərinə görə məhz alüminiuma üstünlük verirlər. O, poladdan 3 dəfə yüngül və titandan daha ucuzdur. Alüminium ərintilərinin mexaniki emal sürəti polad analoqlarına nisbətən daha yüksəkdir (4-6 dəfə), alüminium ərintilərindən hazırlanmış lövhə materialları isə karbon kompozitlərindən xeyli ucuzdur.
“Alüminiuma təxminən 4 faiz mis və 1,5 faiz maqnezium daxil edilməsi, termiki emalı ilə birlikdə təmiz alüminiumun möhkəmliyini 10 dəfə artırmağa imkan verir. Bundan başqa, alüminium məhsulları asanlıqla emal olunur və dərin emala məruz qalır. Müasir 3D-çap texnologiyası ilə metal məmulatlar mühərrik istehsalında artıq uğurla tətbiq olunur. Bu, hava gəmilərində alüminium çap detallarının istifadəsinə geniş yol açır. Additiv texnologiyalar ənənəvi emal texnologiyalarından əldə oluna bilməyən qeyri-adi alüminium materiallarından istifadə etməyə imkan verir”, - deyə Ə.Canhəmdov vurğulayıb.
Onun sözlərinə görə, yeni materialların yaradılması və tətbiqi aviasiya sənayesində alüminiumun istifadəsini genişləndirəcək. Tədqiqatçılar və layihə edənlər ərintilərdə, deformasiya və termiki emal texnologiyalarında da yeni kəşflər edirlər.
Akademiyanın vitse-prezidenti fikrini yekunlaşdıraraq qeyd edib ki, alüminium böyük perspektivə malikdir. Əsas rəqibinin polimer kompozit materialları olmasına baxmayaraq, gələcəkdə alüminium aviasiya sahəsində öz mövqeyini hələ uzun müddət qoruyub saxlayacaq.
Daha sonra çıxış edən “Azəralüminium” MMC-nin baş direktoru, Azərbaycan Mühəndislik Akademiyasının akademiki Maksim Cavadov bildirib ki, müasir alüminium-litium (Al-Li) ərintilərinin hazırlanması proqramı hələ 1970-ci illərin sonlarında başlayıb və alüminium ərintilərinin hazırlanması tarixində ən böyük proqramlardan biri olub. O zaman təkmilləşmələrin səmərəlilik göstəricilərinin xüsusi çəkisinə daha çox təsir etdiyini qiymətləndirmək üçün tədqiqatlar aparılıb. Bu tədqiqatlar göstərdi ki, sıxlığın azalması çəkinin azaldılmasına möhkəmlik və sərtlik, habelə, materialın çatlara davamlılıq xüsusiyyətlərinin artması ilə müqayisədə daha çox təsir göstərir. Bu baxımdan, ən yüngül metal olaraq, litiumun alüminiumun sıxlığını azaltmaq və müvafiq olaraq, çəki xüsusiyyətlərini azaltmaq nöqteyi-nəzərindən, ən perspektivli olduğu ortaya çıxdı.
Maksim Cavadov qeyd edib ki, Al-Li ərintilərinin hazırlanması 1970-ci illərdə başlasa da, yalnız 1990-cı illərdə bu ərintilər haqqında fundamental anlayış formalaşdı və bu, mükəmməl mühəndislik xüsusiyyətlərinə malik ərintilər ailəsi – Al-Li 3-cü nəsil ərintilərin hazırlanmasına imkan verdi. Üçüncü nəsil ərintilərin hazırlanması ənənəvi 2XXX (Al-Cu) və 7XXX (Al-Zn-Mg-Cu) alüminium ərintiləri ilə müqayisədə 2-8 faiz sıxlıq artımı əldə etməyə imkan verdi. Bu da çəkiyə əhəmiyyətli qənaəti təmin etdi ki, bu da daha yüksək xüsusi sərtlik və gücün təsiri və lazer şüası ilə qaynaq, sürtünmə ilə qarışdırıcı qaynaq (SQQ) daxil olmaqla daha səmərəli texnologiyaların istifadəsi ilə tamamlandı.
“Üçüncü nəsil alüminium ərintiləri bütün aerokosmik tətbiq sahələrində, xüsusən də hava nəqliyyatında ənənəvi alüminium ərintiləri, karbon lifli kompozitlər və metal-lifli laminatlarla sərt rəqabətdədir. Bu rəqabət, çəkidə qənaətdən başqa bir çox digər amilləri də əhatə edir. Üçüncü nəsil Al-Li ərintilərinin bəziləri artıq aerokosmik strukturlarda, o cümlədən mülki və hərbi təyyarələrdə və kosmik aparatlarda (raket-daşıyıcılarda) istifadə edilir. Buna misal olaraq, “Lockheed Martin F-16”da, həmçinin kosmik gəminin super yüngül xarici çəni üçün istifadə olunan AA 2297 və AA 2397 ərintilərini göstərmək olar. Beləliklə, Al-Li sisteminin ərintiləri, daha yüksək qiymətə və bəzi texnoloji çətinliklərə baxmayaraq, çəki səmərəliliyi baxımından, açıq-aşkar üstünlüklərinə görə, aerokosmik texnika məhsulları üçün böyük perspektivlərə malikdir, ilk növbədə, bu, xüsusi sıxılma sərtliyinə aiddir”, - deyə MMC-nin baş direktor vurğulayıb.
Akademik M.Cavadov qeyd edib ki, son onilliklər ərzində 7XXX sisteminin ərintiləri öz müstəsna möhkəmlik xüsusiyyətlərini durmadan artırır. Lakin bununla yanaşı, xüsusi sərtlik artmadı, hətta bir qədər də azaldı. Yalnız Al-Li ərintisinin istifadəsi, sıxlığın azalması səbəbindən xüsusi möhkəmliyi nəzərəçarpacaq dərəcədə artırmağa və eyni vaxtda həm sıxlığın azalması, həm də elastiklik modulunun artması hesabına xüsusi modul kəmiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.
Onun sözlərinə görə, son illərdə alimlər üçüncü nəsil müasir yüksək dayanıqlıqlı və yüksək resurslu B-1461, B-1469, B-1480 və B-1481 alüminium-litium ərintilərini işləyib hazırlayıblar, belə ki, öz xüsusiyyətlərinə görə xarici analoqları üstələyir və aviasiya sənayesində geniş istifadə olunan 1163 və V95 əsas struktur alüminium ərintilərinin alternativi hesab olunur. Alüminium-litium ərintilərinin üçüncü nəsli, ərinti elementlərinin optimal konsentrasiyalarının seçilməsi və yarımfabrikatların artan çevikliyini və təkmilləşdirilmiş strukturunu təmin edən deformasiya və istilik emalı texnologiyalarının inkişafı səbəbindən ondan öncəkilərin çatışmazlıqlarından məhrumdur. Məsələn, B-1469 və B-1480 ərintiləri xüsusi gücünə görə bütün mövcud işlənmiş alüminium ərintilərini 7-15 faiz üstələyir və eyni zamanda, yüksək korroziyaya davamlılıq, çatlamaya davamlılıq və yorğunluq müddətinə malikdir. V-1481 ərintisi çox yüksək qırılma möhkəmliyi və çatlara davamlılıq xüsusiyyətlərinə malikdir, füzelyaj tikişi üçün ənənəvi olaraq istifadə edilən 1163 ərintinin xüsusiyyətlərini 10-15 faiz üstələyir: “Əminəm ki, alüminium-litium ərintiləri digər yeni nəsil materiallarla birlikdə öz uçuş xüsusiyyətlərinə görə analoqlarından geri qalmayacaq rəqabətədavamlı təyyarələr yaratmağa imkan verəcək.
Son illər Azərbaycanda artıq alüminium məhsullarının istehsalına başlanılıb. O cümlədən “Azərbaycan Sənaye Korporasiyası” MMC (ASK), “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti müştərək müəssisənin (MM) yaradılması və alüminium məhsulları istehsalı üzrə zavodun tikintisinə dair müqavilə imzalayıb. “Achenbach Buschhütten GmbH” şirkətinin prezidenti və baş icraçı direktoru Andre Barten qeyd etdi ki, layihənin iki mərhələsi çərçivəsində alüminium məmulatının istehsalının ildə 105 min tonadək çatdırılması nəzərdə tutulub”.
M.Cavadov diqqətə çatdırıb ki, layihənin ümumi investisiya dəyəri 451,2 milyon dollar qiymətləndirilir, birinci mərhələdə isə 132 milyon dollar sərmayə qoyulacağı planlaşdırılır. Gəncədə birgə müəssisənin yaradılması və sənaye layihəsinin həyata keçirilməsinə dair sazişlər rəqabətqabiliyyətli alüminium məhsullarının Avropa, ABŞ və dünyanın digər ölkələrinə ixracını artırmağa kömək edəcək. Bu vaxt ərzində isə modernləşdirmə proqramı çərçivəsində “Azəralüminium” istehsal üçün lazım olan komponentləri idxal edir və eyni zamanda, məhsul ixracını artırır. Belə ki, bu yaxınlarda MMC-nin sifarişi ilə Çindən anod bloklarının ilk partiyaları Azərbaycana gətirilib və ümumilikdə bu il 30 min belə blokun tədarükü planlaşdırılır. Eyni zamanda, əlverişli bazar şəraiti ilə əlaqədar olaraq, 2022-ci ilin yanvar-may aylarında “Azəralüminium” 86,6 milyon ABŞ dolları dəyərində müxtəlif prokat və digər məhsullar ixrac edib ki, bu da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur.
Yekunda “Azəralüminium” MMC-nin baş direktoru deyib ki, alüminium böyük perspektivlərə və tədqiqat potensialına malikdir. Bu da, öz növbəsində, gələcəkdə Milli Aviasiya Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının alim və mütəxəssisləri ilə əməkdaşlıq etmək üçün geniş imkanlar yaradır. Alüminium qiymətli metal kimi öz yüngüllüyünə, müxtəlif xassələrinə və unikal keyfiyyətlərinə görə “qanadlı metal” adını alıb. Bu, “qanadlı metal” adını daşımaq insanlara xidmət etmək deməkdir.

İKT 2022-10-28 16:50:00