×
A
A
A
Sazlamalar

“Uzuncorab Peppi” tamaşası Gənc Tamaşaçılar Teatrının səhnəsində

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Gənc Tamaşaçılar Teatrında Astrid Lindqrenin “Uzuncorab Peppi” romanının motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkarı Danimarkadan olan Sebastiandır.
Anadan yetim qalan Peppinin atası dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar tapır. Lakin dostları Peppinin sərbəstliyini, qeyri-adi hərəkətlərini normal hesab etmirlər.
Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır.
Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə fikirlər səslənir.
Peppi rolunu Zümrüd Quliyeva və Xəyalə Meydanova canlandırır. Digər rolları Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Nəsibə Eldarova (Əməkdar Artist), Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova və başqaları ifa edir.

Teatr və kino 2022-10-18 15:43:00