×
A
A
A
Sazlamalar

TƏBİB: Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alanların müalicəsi davam etdirilir

Bakı, 23 sentyabr, AZƏRTAC

Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.
Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.
Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və digər problemlər ilə bağlıdır.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.

Səhiyyə 2022-09-23 12:48:00