×
A
A
A
Sazlamalar

Qulu Novruzov: Pedaqoji sahə üzrə IT mütəxəssislərinə ehtiyac var

Bakı, 22 sentyabr, AZƏRTAC

Hazırda Dövlət Gömrük Komitəsi tərəfindən 24 elektron xidmət göstərilir. Bu isə o deməkdir ki, hər gün aparılan minlərlə gömrük əməliyyatları nəticəsində çox böyük informasiya datası formalaşır. Təbii ki, belə böyük datanın təhlükəsizliyi, mühafizəsi, xidmətlərin operativliyi üçün ciddi kadr və resurslara ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan konfransda Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov deyib.
O bildirib ki, həmçinin DGK-nın vahid avtomatlaşdırılmış idarəetmə sistemi mövcuddur ki, burada da böyük baza var və bu bazanın qorunması üçün kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyac yaranıb: “Məhz buna görə ilk informasiya təhlükəsizliyi ixtisası DGKA-da yaradıldı və bundan sonra belə təhsil ocaqlarının sayı artdı. Hazırda 2022-2023-cü tədris ilində informasiya təhlükəsizliyi ixtisası üzrə ingilis dilində tədris bölməsinə tələbə qəbuluna başlamışıq”.
Qulu Novruzov kibertəhlükəsizlik, eləcə də informasiya təhlükəsizliyi sahəsi üzrə kadr azlığına toxunaraq qeyd edib ki, bu sahədə peşəkar pedaqoji heyət çatışmazlığı var: “Kadr hazırlığının cari çağırışları üzrə Azərbaycan dilində tədris resurslarının azlığını, zəngin laboratoriyalara ehtiyacı, təcrübə imkanlarının məhdudluğunu göstərmək olar”.

İKT 2022-09-22 16:41:00