×
A
A
A
Sazlamalar

“Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verir

Bakı, 22 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbulla bağlı elan verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verir. Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq çərçivəsində 30 gənc 3D Dizayn, UX/UI Dizayn və Peşəkar UX/UI ixtisaslarında 70 faiz, 90 faiz və 100 faiz təqaüdlə təhsil ala biləcək.
Dərslər həm yerli, həm də regionun aparıcı mütəxəssisləri tərəfindən tədris olunacaq. Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 2022-ci il avqustun 30-dur. Müvafiq elektron keçidə daxil olmaqla kurslar və qeydiyyat haqqında ətraflı məlumatı “https://bda.edu.az/teqaud-proqrami” saytı vasitəsilə əldə etmək olar.
Sözügedən təqaüd proqramı ilə bağlı agentliyin “Səriştə və Bacarıqların inkişafı proqramları” departamentinin rəhbəri Elnarə Əlizadə bildirib: “Yeni tədris ilinə Bakı Dizayn Akademiyası ilə birgə start veririk. Ənənəvi yanaşmadan fərqli olaraq yeni tədris ilində tələbələrə tam və qismən təqaüdlərin ayrılması nəzərdə tutulur. Bu format müraciət edənlər arasında sağlam rəqabətin formalaşmasına böyük təkan verəcək. Ümumilikdə 30 nəfər qalib seçilərək Bakı Dizayn Akademiyasında təhsil almaq fürsəti əldə edəcək. İmtahan mərhələlərinin nəticəsindən asılı olaraq 30 tələbədən 6-sı 100 faiz, 15-i 90 faiz, 9-u isə 70 faiz təqaüd əldə edə biləcək”.
Cari ilin sonuna kimi “Technest” çərçivəsində 1500 gəncin bulud həlləri, bulud inzibatçılığı, böyük məlumatlar bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” və 3D dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı əsasında “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “IKT Lab”, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi və Bakı Dizayn Akademiyası ilə yaxından əməkdaşlıq edir.
Bakı Dizayn Akademiyası “Adobe”, “Autodesk”, “PMI” və “Unity” kimi dünya nəhənglərinin Azərbaycanda rəsmi distribütorudur. Akademiyada tədris proqramları bu şirkətlərinin dəstəyi ilə hazırlanır və beynəlxalq səviyyədə təsdiqlənmiş materiallardan ibarətdir. Təlimçilər arasında isə “Figma”nın Azərbaycandakı rəsmi nümayəndəsi və “Adobe Certified Professional” sertifikatlı təlimçilər yer alır. “Technest” Təqaüd Proqramı çərçivəsində dizayn dərsləri tanınmış yerli peşəkarlarla birgə, qlobal sahə mütəxəssisləri tərəfindən də aparılır.

İKT 2022-08-22 18:42:00