Mütəxəssis: Yay aylarında dönər və digər fastfud qidalardan mümkün qədər az istifadə edilməlidir
Bakı, 18 avqust, AZƏRTAC
Bəzi ictimai-iaşə obyektlərində soyuq zəncirvari sistem qorunmur. Bu səbəbdən də yay aylarında qida zəhərlənmələri artır. Xüsusilə dönər və digər fastfud qidaların satışı həyata keçirilən yerlərdə bu qaydalara əməl olunmur.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadən bildirir ki, bunu mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova deyib.
Həkimin sözlərinə görə, “Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi olaraq soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklərə görə gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər fastfud qidalardan mümkün qədər az istifadə edilsin. Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”.
Ehtiyatı əldən verən və zəhərlənən insanlara tibbi yardımlar fərqli tətbiq olunmalıdır. Həkim A.Məmmədovanın sözlərinə görə, belə hallarda böyüklərə və uşaqlara xüsusi yanaşma tələb olunur:
“Uşaqlarda zəhərlənmə halı olan zaman çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilən kömür verilməlidir. Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşaq bol miqdarda maye qəbul etməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir. Yetkin insanlarda zəhərlənmə baş verdiyi zaman 10 ədəd aktivləşdirilmiş kömür əzib içmək lazımdır. Eyni zamanda bol miqdarda maye qəbulu vacibdir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanında həkimə müraciət etməkdir. Zəhərlənmələrdən yayınmaq üçün qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması qaydalarına, o cümlədən gigiyenaya diqqət edin!”.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar