×
A
A
A
Sazlamalar

Üç gün komada qalan yeddi yaşlı uşağın həyatı xilas olunub

Bakı, 9 avqust, AZƏRTAC
Piyadanın vurulması nəticəsində açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdəbirinin qapalı yerdəyişməsi sınıqları ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilən və üç gün komada olan yeddi yaşlı uşağın həyatı xilas olub.
AZƏRTAC KTM-ə istinadla bildirir ki, yeddi yaşlı Vəli Səfərov Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən onu avtomobil vurub. Hadisə nəticəsində hər üç uşaq yaralansa da, V.Səfərovun vəziyyəti daha ağır olub.
KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə koma vəziyyətində KTM-ə gətirilib və reanimasiyaya yerləşdirilib. Bir neçə günlük müalicədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşib. Bu səbəbdən yenidən reanimasiyaya düşməli olub:
“Uşaq KTM-ə gətirilərkən komada idi. Müayinə və müalicələrdən sonra xəstənin vəziyyəti stabilləşib, komadan ayılıb və biz onu mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Bir müddət sonra uşaq sol bud sümüyündən də əməliyyat olmalı idi. Lakin şöbədə xəstənin halı yenidən pisləşib. Biz onu təkrarən reanimasiya şöbəsinə köçürdük. Artıq vəziyyəti stabilləşib, həyati təhlükəsi yoxdur”.
Uşağın anası L.Səfərovanın sözlərinə görə, məhz peşəkar həkimlərin vaxtında tibbi müdaxiləsi olmasaydı bu gün fərqli mənzərənin şahidi ola bilərdik: “Hər iki övladımın da müalicə və müayinə xərclərini icbari tibbi sığorta qarşılayıb. Buna görə hər kəsə təşəkkür edirəm”.
Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb.

Səhiyyə 2022-08-09 13:18:00