×
A
A
A
Sazlamalar

Qaxda fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb

Qax, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı sahəsi üçün prioritet istiqamətlərdən biri sayılır. Son illərdə rayon ərazisində 3359 hektar ərazidə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 187 hektardır. Bu bağların 6228 hektarı barverəndir. Rayonun Turaclı, Marsan və Qıpçaq kəndlərinin ərazilərindəki fındıq bağlarında bir neçə gündür tezyetişən sortların yığımına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar kənd adamları fındıqçılığın inkişaf etdirilməsinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən fermerlərə bağın hər hektarına görə 250 manat subsidiya verilir.
Xatırladaq ki, 2021-ci ildə rayonun fındıq bağlarından 5 min 293,8 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 2,1 min tondan çox artıb.

Kənd təsərrüfatı 2022-08-03 06:40:00