×
A
A
A
Sazlamalar

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 20 iyul, AZƏRTAC

Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb.
Kosmik Agentlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq
Yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir antena sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.
“Qlobal yerüstü stansiya şəbəkəmizi genişləndirmək üçün Azərbaycanda quraşdırdığımız antena xidmətimizin əhatə dairəsini artıracaq və biz Azərkosmosla tərəfdaşlıqdan məmnunuq”, – deyə “Leaf Space” şirkətinin baş direktoru və həmtəsisçisi Conata Puqlia bildirib.
“Azərkosmos və “Leaf Space” arasında əməkdaşlıq kosmosla bağlı birgə fəaliyyətimizin davamlı inkişafı istiqamətində mühüm addımdır. Bu da öz növbəsində Azərbaycan və İtaliyanın uğurlu strateji tərəfdaşlığından xəbər verir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.
“Leaf Space” yüksək keyfiyyətli yerüstü stansiya xidmətləri və texnologiyaları təmin edən şirkətdir. “Leaf Space” şirkəti 2014-cü ildə İtaliyada təsis edilib.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.
Peyklər üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir.
Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qurur.
Ölkədə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Daha ətraflı məlumatı qurumun veb-saytından ala bilərsiniz: “www.azercosmos.az”.

İKT 2022-07-20 19:45:00