×
A
A
A
Sazlamalar

Teymur Musayev: Meymunçiçəyinin diaqnostikası üçün testlər yaxın günlərdə Azərbaycana gətiriləcək

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) meymunçiçəyi xəstəliyinin diaqnostikası üçün testlərin gətirilməsi ilə əlaqədar ilk müraciət edən ölkələrdən biridir. Yaxın 2-3 gün ərzində testlər Azərbaycana gətiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, meymunçiçəyi ilə əlaqədar vaksinasiya aparılması düşünülmür. Bu da ÜST-nin strategiyasından irəli gəlir: “Hələ ki, buna ehtiyac duyulmur. Türkiyədə bir yoluxma qeydə alınıb. Bu günə qədər Azərbaycanda heç bir hadisə qeydə alınmayıb. Həmin xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi müşahidə olunur”.
T.Musayevin sözlərinə görə, Azərbaycan daim Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən epidemioloji nəzarəti qurur. Bu baxımdan həmin qayda və tövsiyələrə tam riayət olunur. Heç bir sərhəd keçid məntəqəsində meymunçiçəyi xəstəliyi ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulmur.

 

Səhiyyə 2022-07-01 13:21:00