×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 22 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. İndiyədək 17 min 623 hektarı arpa, 5 min 128 hektarı buğda olmaqla, 22 min 751 hektar sahənin məhsulu biçilib, 43 min 198 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 19 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, ötən ilin payızında rayonda 2022-ci ilin məhsulu üçün 65 min 283 hektar sahədə taxıl səpini aparılıb. Taxıl əkinlərinin 32 min 318,6 hektarını buğda, 32 min 964,4 hektarını dən üçün arpa sahələri təşkil edib. Havaların uzun müddət yağmursuz, quraq keçməsi səbəbindən 17 min 62 hektar taxıl sahəsi tamamilə məhv olub. Ona görə də builki mövsümdə rayonda 48 min 221 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Biçiləcək sahələrin 22 min 434,9 hektarı arpa, qalanı isə buğda sahələridir.
Qurum rəsmisi bildirib ki, indiyədək tədarük olunan taxılın 33 min 659 tonu arpa, 9 min 539 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 19,1 sentner, buğda sahələrindən isə 18,6 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2022-06-30 12:23:00