×
A
A
A
Sazlamalar

Tərtərli fermer: Yeni çiyələk növlərinin məhsuldarlığı həm yüksəkdir, həm də daha çox saxlamaq olur VİDEO

Tərtər, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunun İrəvanlı kəndində əhalinin əsas məşğuliyyət növlərindən biri çiyələk istehsalıdır. Kənd sakinləri müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan istifadə etməklə, məhsuldar çiyələk növlərini becərməklə yüksək göstəricilərə nail olurlar.
İrəvanlı kənd sakini Hidayət Əhmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 10 ildir çiyələk əkini ilə məşğul olur. “Əvvəllər yerli çiyələk becərirdik. Yerli çiyələyin ömrü və məhsuldarlığı az olduğu üçün xaricdən gətirilmiş sortları becərməyə başladıq. Bir neçə il çiyələyin “Viktoriya” sortunu becərdik. Hazırda sahələrdə gördüyünüz isə “Montero” sortudur. Bu sort həm bol məhsuldarlığı, həm də daha uzun müddət məhsul verimi ilə seçilir. Aprel ayından dekabradək davamlı məhsul verməsi, dərilmiş çiyələyin saxlama müddətinin daha çox olması bu sortun əsas üstünlükləridir. Məhsul yığımına aprelin 25-dən başlamışıq. Məhsul may ayında daha çox olur. Hazırda da sahədən məhsul yığırıq. Yığılan məhsulu həm bazarda, həm də sahədə satırıq. Çiyələyin bir kiloqramının qiyməti 1,7-2 manatdır”, - deyə o qeyd edib.
Hidayət Əhmədov çiyələyin becərmə texnologiyası haqqında da məlumat verib. Bildirib ki, suvarma damcı üsulu ilə aparılır. Sahələrin bu üsulla suvarılması həm asandır, həm də suya qənaət edilir. Su bitkilər arasında bərabər paylanır, torpaq yuyulmur, qaysaqlamır, yumşaq və münbit qalır, məhsuldarlıq yüksəlir.

Kənd təsərrüfatı 2022-06-24 12:48:00

Video