×
A
A
A
Sazlamalar

SİMA elektron gömrük xidmətlərini daha əlçatan edib

Bakı, 23 iyun, AZƏRTAC

SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə vətəndaşlar “e-customs” portalında elektron ticarət üçün sadələşdirilmiş bəyannamələrin təqdim olunması və xaricdən sifariş edilmiş məhsulların bəyan edilməsi prosesini daha rahat həyata keçirəcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “e-customs” Dövlət Gömrük Komitəsinin elektron xidmətlərin daha əlçatan olması üçün istifadəyə verdiyi sistemdir. SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə portaldan istifadə daha da asanlaşıb. SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşlara “e-customs” portalına daxil olaraq əməliyyatları daha sürətli etmək imkanı təqdim edir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlana biləcək. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “sima.az” saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

İKT 2022-06-23 14:46:00