×
A
A
A
Sazlamalar

İqtisadiyyatın rəqəmsal transformasiyası son illərdə ölkəmiz qarşısında duran prioritetlərdəndir

Bakı, 31 may, AZƏRTAC

Dövlət idarəetməsinin rəqəmsallaşmasının sürətlə həyata keçirilməsi bir sıra önəmli dövlət layihələrini ərsəyə gətirib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova deyib.
Onun sözlərinə görə, Dövlət Nəzarəti İnformasiya Sistemi, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, dövlət satınalmaları üçün elektron satınalma platforması, dövlət statistik məlumatların əldə edilməsi üçün e-sənəd dövriyyəsi sistemi, elektron məhkəmə sistemi, elektron səhiyyə xidməti, elektron təhsil, elektron sosial xidmətlər, əmlak və torpaqların elektron kadastrı və s. kimi rəqəmsallaşmış sahələrin yaradılmasını buna misal göstərmək olar. Bundan başqa, dövlət proqramlarının, strateji yol xəritələrinin, tədbirlər planlarının və s. fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “monitoring.az” portalı yaradılıb.
M.Talıbova diqqətə çatdırıb ki, yerli icra hakimiyyəti orqanlarında elektronlaşma prosesi elektron bələdiyyə sistemi ilə başlanıb, 2021-ci ilin may ayından isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası ilə davam etdirilir: “Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanında göstərilir ki, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycanın qarşısında duran prioritetlərdəndir. Kağızsız ticarət prosedurlarının aparılması, Rəqəmsal Ticarət Qovşağının və Azərbaycan mənşəli məhsulların elektron satışını həyata keçirən “Azexport” portalının fəaliyyət istiqamətləri, “Sərbəst satış sertifikatı”nı və ixrac üçün tələb olunan digər sertifikatları elektron formada əldə etmək imkanının yaradılması, gömrük bəyannamələrinin elektronlaşdırılması və s. kimi prosedurların rəqəmsal transformasiyası ölkədə ticarət sahəsinin də sürətlə rəqəmsallaşması qənaətinə gəlməyə əsas verir”.
Həmçinin qeyd olunub ki, ilk “Azerspace 1” peyki orbitə buraxıldıqdan sonra isə peyk rabitəsi xidmətlərinin göstərilməsinə başlanılıb. Bu fəaliyyət növü üzrə xidmətlərin göstərilməsində 2013-2019-cu illər arasında 8 dəfə artım olub.

 

İKT 2022-05-31 13:06:00