×
A
A
A
Sazlamalar

Hepatit B virusunun erkən aşkarlanması üçün maarifləndirmənin aparılması vacibdir

Bakı, 28 may, AZƏRTAC
Mayın 27-də Bakı Sağlamlıq Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyi “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” mövzusunda konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” Assosiasiyasının tərəfdaşlığı ilə keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov mövzunun aktuallığından bəhs edib və belə tədbirlərin davamlı olmasını arzulayıb.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, bizim əsas vəzifələrimizdən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. O, ölkəmizdə gənclərin inkişafı, maariflənməsi üçün geniş imkanlar yaradılmasının vacibliyini vurğulayıb. Həmçinin hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusunun gec aşkarlanmasının ölümcül təhlükəyə səbəb olmasından və onun qarşısının alınması məqsədilə həmin xəstəliyin əlamətlərinə dair məlumatlılığın yetəri qədər olması üçün maarifləndirmə tədbirlərinin vacibliyindən söz açıb.
Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - hepatit” videoçarxı nümayiş etdirilib.
Konfransda "Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayevanın “Virusun yayılma yolları və diaqnostikası”, qastroenteroloq-hepatoloqlar Arzu Hüseynovanın “Viruslu hepatit B profilaktikası”, Rəqsanə Cəlilovanın “Viruslu hepatit B-nin müalicəsi”, infeksionist Yusif Alxazovun “Hepatit B virusu” mövzularında məruzələri dinlənilib.
Tədbir zamanı hepatitlə mübarizə haqqında maraqlı təkliflər verilib, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

 

Səhiyyə 2022-05-28 12:43:00