×
A
A
A
Sazlamalar

Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığı "TEKNOFEST Azərbaycan"da üç yerli məhsulla təmsil olunur

Bakı, 28 may, AZƏRTAC

Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığı (TÜSEB) 2015-ci ildən bəri fəaliyyət göstərən bir dövlət agentliyidir. İlk dəfə ötən il "TEKNOFEST"ə qatıldıq. İkinci iştirakımız isə qardaş ölkədə keçirilən festivala nəsib oldu. "TEKNOFEST Azərbaycan"a üç yerli məhsulla gəldik: COVID-19 PSR testləri, oksigen cihazları və TURKOVAC vaksini.
AZƏRTAC xəbər verir ki, bunu TÜSEB-in layihələrin idarə edilməsi və dəstək şöbəsinin müdiri Batuhan Yeşilyurt deyib.
Stenddə nümayiş etdirilən yerli məhsullar haqqında məlumat verən B.Yeşilyurt bildirib ki, oksigen cihazlarına pandemiya dövründə daha çox tələbat artdı və onun çatışmazlığı dünyada ciddi bir çətinliyə səbəb oldu: "İnsanlar oksigen cihazları ilə həyata tutunmağa çalışdılar. Həmin cihazlardan Afrika və Amerika da daxil olmaqla bir çox ölkəyə ixrac etdik.
Pandemiya dövründə daha bir uğurumuz TURKOVAC yerli peyvəndin ərsəyə gətirilməsi oldu. Ötən ilin dekabrında hazırlandı və təcili istifadə izni aldı. Türkiyə bununla vaksin hazırlayan ölkələrdən biri oldu. Düşünürük ki, bu, türk dünyası üçün çox yaxşı fürsətdir. Martda milli peyvəndimizi Azərbaycana gətirdik və qardaş ölkədə "Faza-3" klinik sınaqlara başlanıldı.
Vaksin texnologiyaları inkişaf etmiş ölkələrin əlindədir və heç də asan texnologiya deyil. Pandemiya bizə öyrətdi ki, yerli texnologiyanız yoxdursa, elmi və maliyyə cəhətdən digər ölkələrdən asılı qala bilərsiniz. Niyyətimiz səhiyyə texnologiyaları sahəsində fərqlilik yarada bilmək və inkişafa nail olmaqdır. Gələcəkdə hansısa pandemiya və xəstəliklərdə tədqiqatçılarımızla birgə əlimizdən gələni etməyə hazırıq".

Səhiyyə 2022-05-28 12:03:00