×
A
A
A
Sazlamalar

Diz oynağının yeyilməsi gənc yaşlarda da müşahidə oluna bilər

Bakı, 27 may, AZƏRTAC

Bud-çanaq və diz oynağı xəstəlikləri arasında daha çox yayılan diz oynağının yeyilməsidir. Bu problem bütün dünyada mövcuddur. Adətən ağrı diz oynaqlarında, bud-çanaq nahiyəsində 50 yaşdan sonra başlayır. Problem əsasən yaşla bağlıdır. Bəzən daha gənc yaşlarda da müşahidə oluna, zədələr və ya keçirilən hər hansı bir oynaq xəstəliyi ilə bağlı ola bilər. Problem əvvəlcə ağrılarla başlayır, illər sonra hərəkət məhdudluğu əmələ gəlir. Son çarə oynaq dəyişimidir.
AZƏRTAC xəbər verir ki, bunu "AO Trauma" Avropa bölümünün Azərbaycan üzrə əlaqələndiricisi, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Qəhrəmanov deyib.
Professorun sözlərinə görə, ağrı və hərəkət məhdudluğu xəstənin həyat keyfiyyətinə mənfi təsir edir: "Diz oynağının yeyilməsi son nəticədə əlilliyə səbəb ola bilər. Əlilliyin qarşısını almaq və xəstənin hərəkətliliyini təmin etmək üçün həmin əməliyyatların keçirilməsi bütün dünyada qəbul olunub. Oynaq dəyişimi dedikdə süni oynaqlar nəzərdə tutulur. Həm bud-çanaq, həm də diz oynaqlarında yeyilmiş qığırdaq, yeyilmiş səthlər dəyişdirilir".
A.Qəhrəmanov bugünkü kurs-seminarın bud-çanaq və diz oynağı protezləşdirilməsində aktual məsələlər mövzusuna həsr edildiyini və oynaqdəyişmə mövzusunda keçirilən üçüncü kurs olduğunu diqqətə çatdırıb: "Kursun proqramı əsasən bud-çanaq və diz oynaqlarının dəyişilməsi, ola biləcək fəsadlaşmalar, ağır xəstələrin müzakirəsi üzərində qurulub. Kursa xarici ölkələrdən tanınmış mütəxəssislər dəvət olunublar".

Səhiyyə 2022-05-27 13:30:00