×
A
A
A
Sazlamalar

Stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı tibbi lüğət” kitabının təqdimatı olub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universiteti İctimai Nəzarət-Məsləhət Şurasının və Azərbaycan Ağız və Üz-çənə Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı tibbi lüğət” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllifi Azərbaycan Tibb Universitetinin professoru Çingiz Rəhimov olan nəşrin təqdimat mərasimində Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin müəllimləri, stomatoloq və rezidentlər iştirak ediblər.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva çoxillik zəhmətin bəhrəsi olan lüğətin tibb işçiləri üçün çox gərəkli və mühüm bir vəsait olduğunu söyləyib, onu sanballı elmi iş kimi dəyərləndirib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli lüğətin təkcə stomatologiyada deyil, tibbin digər yanaşı sahələrində çalışanlar üçün də əhəmiyyətli mənbə olduğunu qeyd edərək bildirib: “Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, stomatologiyada da ədəbiyyatların çox böyük əksəriyyəti xarici dillərdədir. Tələbə və rezidentlər də ana dilimizdə kitabların azlığından şikayətlənirlər. Təbii ki, məsələnin həllinin bir yolu xarici ədəbiyyatın Azərbaycan dilinə peşəkar tərcüməsidirsə, digər yolu bu məsələni lüğətlər vasitəsilə yoluna qoymaqdır. Bu mənada, professor Çingiz Rəhimovun zəhmətinin bəhrəsi olan bu lüğətin hazırlanıb çap edilməsi çox faydalı bir işdir”.
Tibbin hər bir sahəsi elmi-texniki tərəqqinin və dünya təcrübəsinin tətbiqi ilə bağlıdır. Sürətlə inkişaf edən stomatologiya sahəsində yeni texnologiyaların və materialların, eləcə də yeni kəşf və metodların tətbiqi tibbi ədəbiyyata yeni sözlər, yeni terminlər gətirir. Tibb elmləri doktoru, professor Çingiz Rəhimovun 20 ildən çox müddətdə üzərində işlədiyi vəsait tədris prosesində də müəllim və tələbələrə yaxından kömək edəcək.
Milli Məclisin deputatları İlham Məmmədov, Ülvi Quliyev, Tibb Universitetinin professoru Vaqif Şadlinski, bu ali təhsil ocağının baş müəllimi Aidə Bəndəliyeva və başqaları da kitabın məziyyətlərindən danışaraq, müəllifin böyük zəhmətə qatlaşdığını bildiriblər.
Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov atası, ölkəmizdə rentgenologiyanın banisi sayılan professor Rəhim Rəhimovun xatirəsinə ithaf etdiyi iki cilddən ibarət kitabın təbabətin bu sahəsində yaranan boşluğu doldurmaq zərurətindən yarandığını bildirib və bu istiqamətdə apardığı axtarışlardan bəhs edib.
Təqdimat mərasimində mövzuya dair videoçarx da nümayiş olunub.

Səhiyyə 2022-05-26 20:54:00