×
A
A
A
Sazlamalar

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir VİDEO

Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, festivalın aparıcıları bu mötəbər tədbir barədə məlumatı qonaqlarla bölüşüblər. Bildirilib ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Sonra “TEKNOFEST”ə hazırlığın gedişatını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda qeyd edilib ki, festivala hazırlıq çərçivəsində tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisinin rabitə, elektrik enerjisi və digər kommunikasiyalarla təminatı yoxlanılıb, görüləcək işlərin planı hazırlanaraq icrasına başlanılıb. Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə tədbirlər planlaşdırılıb. Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanıb. Ziyarətçilərin “iticket.az” platformasından onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən qeydiyyata başlanılıb. Dənizkənarı Bulvar ərazisində çadırların montaj işlərinə start verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edib.
Nazir Rəşad Nəbiyev Türkiyə nümayəndə heyətini və bütün iştirakçıları salamlayaraq bildirilib ki, “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir. “Bu hadisə ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə nazir vurğulayıb.
Məlumat verilib ki, festival çərçivəsində 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir. Bu yarışlar pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Əlavə olunub ki, “TEKNOFEST” elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.
Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Səlcuq Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı moderator qonaqlara “TEKNOFEST” barədə ümumi məlumat verib.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.

İKT 2022-05-26 11:37:00

Video