×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

Bakı, 15 mart, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində baş tutacaq “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat davam edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, “Rocket League” üzrə Avropa çempionatında Azərbaycanın və Avropanın ən güclü komandaları Mükafat fondu uğrunda mübarizə aparacaqlar.
Beynəlxalq tədbirdə iştirak etmək istəyən kiber atletlər https://baku2022.azkif.az/ elektron səhifəsinə daxil olaraq milli seçmə mərhələsi üzrə qeydiyyatdan keçə bilərlər.
Yarışın şərtlərinə əsasən yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları sözügedən tədbirdə iştirak edə biləcəklər. Yarış komanda şəklində (3x3 formatda) “Baku Cristal Hall”da təşkil olunacaq.
Sözügedən beynəlxalq yarışda Avropadan 160-a yaxın komandanın iştirakı gözlənilir. Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman federasiyalarıdır. Bununla yanaşı, RİNN beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir. “Rocket League” mərhələsi üzrə Mükafat fondu 15 min ABŞ dolları təşkil edir. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il aprelin 1-dir.
Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu il mayın 26–29-da Bakıda ilk dəfə olaraq keçiriləcək.
Əlavə məlumat əldə etmək üçün: (050) 251-40-28; “[email protected]”; “teknofest.az”.

 

İKT 2022-03-15 17:33:00