×
A
A
A
Sazlamalar

Rusiyalı rejissorun səhnələşdirdiyi opera Bakıda nümayiş ediləcək

Bakı, 28 fevral, AZƏRTAC
Cakomo Puççininin məşhur “Toska” operası martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni quruluşda və yenilənmiş dekorasiya ilə nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, operanın quruluşçu rəssamı Moskva Dövlət Akademik İncəsənət İnstitutunun rəssamlıq fakültəsinin teatr-dekorativ sənət emalatxanasının rəhbəri Dmitri Çerbadjidir. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, professor Aleksandr Petrov, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşaya Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar artisti, dirijorların Beynəlxalq müsabiqələri laureatı Əyyub Quliyev dirijorluq edəcək.
Toska partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti Oksana Kramareva, Kavaradossini rolunu La Skala Akademiyasının solisti, Azərbaycanın Əməkdar artisti Azər Rzazadə, Skarpianı isə Belarus Milli Akademiyasının Bolşoy Opera və Balet Teatrın solisti, Belarusun Xalq artisti Vladimir Qromov ifa edəcəklər.
Operada, həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Ceylor), Əkrəm Poladov (Qurban), Respublikanın Əməkdar artistləri Əliəhməd İbrahimov (Spoletta), Tural Ağasıyev (Şarrone), həmçinin Mariinski Opera və Balet Teatrının solisti, vokalçıların Beynəlxalq müsabiqələri laureatı Məhərrəm Hüseynov (Anjelotti partiyası) rol alacaq.
1889-cu ildə Milanda fransız dramaturqu Viktoryen Sardunun pyesi əsasında hazırlanan, opera müğənnisi Toskanın faciəvi taleyindən bəhs edən tamaşaya ilk dəfə Cakomo Puççini baxıb. Münaqişənin şiddəti və tamaşa qəhrəmanlarının dramatik yaşantıları bir çox italyan bəstəkarlarının diqqətini cəlb etsə də, sonda operanı yazmaq hüququ Cakomo Puççiniyə həvalə olunub.
Bəstəkar 1899-cu ildə Sardounun baş qəhrəmanın taleyini dəyişməklə tamaşanın süjetində bəzi dəyişikliklər edərək “Toska” operasına musiqi bəstələyib. Librettonun müəllifləri isə Luici İllika və Cüzeppe Cakosa olub. Operanın premyerası 1900-cü ildə keçirilib.
Tamaşanın süjeti Napoleonun ilk fəthləri dövründəki sevgi intriqaları və siyasi macəraların birləşməsinə əsaslanır. Romantik Kavaradossi və xain Skarpia baş qəhrəman Toskanın sevgisini qazanmaq üçün mübarizə aparırlar.

 

 

Teatr və kino 2022-02-28 15:07:00