×
A
A
A
Sazlamalar

“Dağlarda döyüş” filminin çəkilişlərindən 55 il ötür

Bakı, 24 fevral, AZƏRTAC
1967-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Dağlarda döyüş” filmini istehsalata buraxır. Yazıçı Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povesti əsasında rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı filmdəki hadisələr İkinci Dünya müharibəsində əsir həyatı yaşamış insanların vətənə qayıtdıqdan sonra qarşılaşdıqları faciəli aqibətdən bəhs olunur.
AZƏRTAC xəbər verir ki, bu il Kamal Rüstəmbəyovun 1967-ci ildə çəkdiyi “Dağlarda döyüş” filminin 55 yaşı tamam olur.
İlk olaraq onu deyək ki, rejissor filmin əsas qəhrəmanlarından biri olan Hicran obrazına dəvət etdiyi onlarla aktrisanın arasından həmin dövrdə Azərbaycan radiosunun gənc və gözəl diktoru Ofeliya Sənanini seçir. Çünki ona qədər gördüyü qızların heç biri Hicranın xarici görünüşü, onun malik olduğu xarakterik cizgiləri, jestləri, rejissorun yaradıcı təxəyyül və təsəvvüründə formalaşdırdığı Hicranla uyğun gəlmirdi. Çox axtarışdan sonra xoş bir təsadüf nəticəsində K.Rüstəmbəyov öz qəhrəmanını, əsərdəki obraza bütün prizmalardan uyğun gələn Hicranı tapır və dərhal da onu sınaq çəkilişlərinə dəvət edir...
Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani: Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu: “O illərdə mən həm radioda, həm də Kinostudiyanın dublyaj redaksiyasında çalışırdım. Bir gün kinostudiyanın dəhlizi ilə sürətli addımlarla dublyaj redaksiyamıza tələsirdim. Bu zaman Kamil Rüstəmbəyovu da dəhlizdə gördüm və rejissorun gözü məni alan kimi, “tapdım” deyə ucadan səsləndi. Açığı, Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu”.
Rejissor məqsədini O.Sənaniyə bildirdikdən sonra diktor xanıma obraz haqqında məlumat verir: “Hicran sadə bir kənd qızıdır, gərəkdir ki, bu obrazı yaradan qızın üzündə mülayimlik, sadəlik əks olunsun”.
Yeri gəlmişkən, həmin illərdə O.Sənani yenicə ailə qurmuşdu, görkəmli aktyor Möhsün Sənaninin oğlu, mərhum Valid Sənaninin həyat yoldaşı idi. Qayınata, gəlin filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Rejissor ona filmin ssenarisini təqdim edir və tez bir vaxtda oxuyub, fikrini bildirməsini tapşırır. Ssenarini bəyənən diktorun Hicran obrazı ürəyinə çox yatır: “Ssenaridə daha çox xoşuma gələn Hicranın sakit təbiətli bir qız olması idi. Buna görə də hələ çəkilişlər başlamazdan əvvəl hiss etdim ki, Hicran obrazının öhdəsindən gələcəyəm”.
Filmin çəkilişləri bir çox yerlərdə – Qobustanda, Şamaxıda və Nalçikdə lentə alınıb. O.Sənaninin at sürüb-çapdığı səhnələr əsasən Qobustanda lentə alınıb: “İlk çəkilişlərimiz Qobustanın dağlarından başladı, sonra Şamaxıda davam etdi və nəhayət, Nalçikdə yekunlaşdı. Hiss edirdim ki, yaratdığım Hicran obrazını yaradıcı heyət bəyənib. Yeri gəlmişkən, filmdə böyük sənətkarlarla bir yerdə çəkilməyimdən qürur duyuram. Burada atamı Möhsün Sənani, anamı Ətayə Əliyeva, nişanlımı Şahmar Ələkbərov kimi aktyorlar oynayırdı. Rza Əfqanlının, Kamal Xudaverdiyevin ifası yaradıcı heyətin ümumi işini tamamlayırdı. Filmə dəvət olunan hər bir aktyor öz rolunun öhdəsindən layiqincə gəlməklə yanaşı, çəkiliş prosesinin uğurlu alınması üçün də bacardıqlarını əsirgəmirdilər. Bu baxımdan Kamil Rüstəmbəyovun rejissor işinə, onun aktyor üçün yaratdığı sərbəst şəraitə söz ola bilməzdi”.
Filmin ən maraqlı epizodlarından biri, Fərruxun dövlət sərhədini pozmuş atası Sərxanla qarşılaşması və onu həbs edərək hərbi məntəqəyə təhvil verməsidir. İlk baxışda oğulun öz atasını həbs etməsi, onun xahiş və yalvarışlarına məhəl qoymaması bəlkə də qeyri-təbii görünür. Lakin filmdə bu hadisə psixoloji cəhətdən inandırıcı detallarla təqdim olunmuşdur. Belə ki, Vətənə sədaqət, vətənpərvərlik duyğularının, məhəbbət hissinin güclü olması filmdə böyük uğurla öz əksini tapmışdır. Əslində yüksək ideallarla yaşamaq, vətəndaşlıq prinsiplərinə sadiq olmaq, həqiqət naminə ictimai idealı şəxsi mənafedən üstün tutmaq, bundan ötrü öz doğmasına belə güzəştə getməmək azərbaycançılıq mövqeyimizin ifadəsidir və dövlətçiliyimizin əsasında da məhz bunlar dayanır. Ötən əsrin 30-cu illərindən ədəbiyyatımızda yüksək ideallarla yaşamaq, vətənin əsl vətəndaşı olaraq onun keşiyində mərdliklə dayanmaq kimi ideoloji prinsiplər böyük vüsət almışdır. Bu mövzu davamlı olaraq müxtəlif formalarda işlənmiş, gənclərimiz bu ruhda tərbiyə almışlar. Haqqında bəhs etdiyimiz filmə gəlincə, bu ekran əsərinin ssenari müəllifi Əhmədağa Qurbanov ideologiyanı yeni nəslin simasında yenilikçi baxışlarla işləmiş, problemi inandırıcı mövqedən həll edərək əsəri uğurla ərsəyə gətirmişdir.
Filmdə Fərruxla (Şahmar Ələkbərov) atasının (Rza Əfqanlı) çəkiliş səhnəsi Nalçik dağlarında, meşəliklərdə lentə alınıb. Həmin səhnədə Fərruxun atası İrandan gələrək sovet sərhədini keçmək istədikdə sərhədçi Fərruxun maneəsilə üzləşir. Belə ki, o, atası ilə vuruşmaq məcburiyyətində qalır. Əsərdən də görünür ki, Fərrux sərhədi pozanın atası olduğunu əvvəldən bilmir. Məsələ ondadır ki, bunu biləndən sonra da onunla vuruşur. Çünki Fərrux sovet əsgəri idi və başqa cür də davrana bilməzdi. Bunu da bilmək maraqlıdır ki, Hicranın (Ofeliya Sənani) atası (Möhsün Sənani) və anası (Ətayə Əliyeva) ilə evdə çəkilən səhnələr “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda lentə alınıb. Hicran eşidəndə ki nişanlısı yaralanıb, o zaman atını minib Fərruxun qulluq etdiyi hərbi hissəyə gedir. Bu epizod isə Qobustanda lentə alınıb. Filmdə gördüyümüz hərbi hissə isə İranın sərhədində olan Prişib qəsəbəsində (indiki Göytəpə) yerləşir.
Bütün hazırlıqlar bitdikdən sonra film Moskva Kino İdarəsinin baxışına təqdim edilir. Moskva filmin ideyasını, çəkiliş prosesinin getdiyi məkanların təbiətin qoynunda lentə alındığını bəyənir və filmi təsdiq edir. Təsdiqetmə mərasimindən sonra film I kateqoriyaya layiq görülür.
Xatırladaq ki, ssenari müəllifi Əhmədağa Qurbanov, rejissoru Kamil Rüstəmbəyov olan bu filmin operatoru Teyyub Axundov, rəssamı Məmməd Hüseynov, bəstəkarı Cahangir Cahangirovdur. Rollarda Şahmar Ələkbərov (Fərrux), Rza Əfqanlı (Sərxan), Möhsün Sənani (Qəmbər), Ofeliya Sənani (Hicran) ilə yanaşı, Stanislav Kovt (Nəzərov), Kamal Xudaverdiyev (Rəhimov), İvan Pereverzev (polkovnik), Vladimir Kolokoltsev (Oleq), Süleyman Ələsgərov (mayor Poladov), Abbas Rzayev (Feyzi) və Məlik Dadaşov (sərhədi pozan) çəkilib.
“Dağlarda döyüş”ün həyata vəsiqə aldığı vaxtdan 55 il ötməsinə baxmayaraq, əsərin ideya və məzmunu, bitkin süjeti və aktyor oyunları bu gün də tamaşaçıların nümayişini böyük həvəslə izlədiyi filmlər sırasındadır.

Teatr və kino 2022-02-24 13:10:00