×
A
A
A
Sazlamalar

“Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 19-da Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Böyük tolerantlıq ideyası ilə görkəmli dramaturqun yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanıb. Böyük Cavid sülhpərvər duyğularına həm də ilahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazıb. Tamaşaya baxan hər tamaşaçı özünün qənaətlərini dəqiqləşdirir: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? Mənim insanlığa, bəşəriyyətə nə dərəcədə xeyrim dəyib? Özünün sekulyarlığı və didaktik cəhətilə məxsusi fərqlənən bu pyesdə iki millətin nümayəndələri, iki din və əqidə daşıyıcıları arasında baş verən hadisələr tamaşaçıda dərin təəssüf hissi oyatmaqla yanaşı, həm də müasir dünyaya, demokratik bir cəmiyyətə də fərəh hissi ilə baxmağa sövq edir. Tamaşanın klassik üslubda geyimi, diqqətçəkən dekorasiyası, həm də gözəl musiqi dramaturgiyası var.

 

Teatr və kino 2022-02-14 11:26:00