×
A
A
A
Sazlamalar

ABŞ-ın Miçiqan ştatında avtomobillərin enerji ilə yüklənməsinə şərait yaradacaq yollar tikilir

Vaşinqton, 7 fevral, AZƏRTAC

ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhərində yolun 1,6 kilometrlik hissəsi elektromobillərin hərəkətdə olduğu zaman elektrik enerjisi ilə yüklənməsinə imkan verəcək. Bundan ötrü avtomobil sahibləri nəqliyyat vasitələrinə xüsusi qəbuledici quraşdırmalıdırlar.
AZƏRTAC xəbər verir ki, Miçiqan ştatının administrasiyası 2023-cü ildə tam işə salınacaq layihəyə 1,9 milyon dollar ayırmağı planlaşdırır.
Yolun işlək hissəsi elektromobillərin hərəkətdə yaxud dayanacaqda olub-olmamasına baxmayaraq, induktiv yüklənmə adlanan prosesin köməyi ilə onları enerji ilə dolduracaq. Bu proses enerjini yolun altına basdırılan metal çarxlardan elektromobilin aşağı hissəsində yerləşən xüsusi qəbulediciyə ötürmək üçün maqnit tezliyindən istifadə edir.
Miçiqan ştatının qubernatoru Qretçen Uitmer deyib: “Biz mobillik və elektrikləşdirmə sahəsində lider olmağa, elektromobil istehsalını artırmağa və bununla da istehlak xərclərini azaltmağa çalışırıq. Bu səbəbdən yollarda naqilsiz elektrik enerjisi yüklənməsi sistemi dayanıqlılığın təminatı üçün başlıca məqsəddir”.
Analitiklərin hesablamalarına görə, bir avtomobil üçün xüsusi qəbuledicinin quraşdırılması 3000-4000 dollara başa gələcək. Buna baxmayaraq, ideyanın müəllifləri ümid edirlər ki, bu qiyməti 1000-1500 dollara endirmək mümkün olacaq.
AZƏRTAC-ın xüsusi müxbiri

Bu maraqlıdır 2022-02-07 11:54:00