×
A
A
A
Sazlamalar

Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib

Bakı, 5 iyul, AZƏRTAC

Atlantik okeanının dalğaları ilə La Palma, Kanarya adasının sahillərinə ölü kaşalot atılanda, heç kim bu məməlinin içərisində qiymətli bir xəzinə gizləndiyini təsəvvür belə edə bilməzdi.
AZƏRTAC “naked-science” saytına istinadla xəbər verir ki, Las Palmas Universitetinin (Kanarya adaları) Heyvanların sağlamlığı və ərzaq təhlükəsizliyi İnstitutunun direktoru Antonio Fernandes Rodriqes heyvanın hansı səbəbdən öldüyünü anlamaq üçün onu tədqiq edib.
Tədqiqatçı kaşalotun qalın bağırsağını tədqiq edib və oradan diametri 50-60 santimetr və çəkisi 9,5 kiloqram olan daşa bənzər bir kütlə çıxarıb.
Məlum olub ki, alim "üzən qızıl" kimi tanınan nadir maddə olan boz rəngli ənbər aşkar edib. O, kaşalotun bədənində əmələ gəlir, sonra müxtəlif səbəblərdən (o cümlədən təbii səbəblərdən) ifraz olunur və günəşdə uzun müddət "yetişdikdən" sonra ətriyyatçılar üçün son dərəcə qiymətli olur. Ənbər son dərəcə bahalı maddədir və buna görə də o, yalnız eksklüziv ətirlərdə istifadə olunur.
Fernandesin əlində tutduğu parça təxminən 500 min avro dəyərindədir.
İnstitut ənbər üçün alıcı axtararkən, Fernandes əldə edəcəyi gəliri 2021-ci ildə La Palma vulkanı püskürməsinin qurbanlarına kömək etmək üçün istifadə etməyi planlaşdırır.
Təxminən 100 kaşalotdan birinin istehsal etdiyi ənbərin mənşəyi yalnız XIX əsrin əvvəllərində, genişmiqyaslı balina ovuna başlandığı zaman müəyyən edilib. Kaşalotlar çoxlu kalamar və mürekkep balığı yeyir, onların əksəriyyəti isə həzm olunmur. Lakin bir hissəsi heyvanın bağırsaqlarında qalır və illər keçdikcə ənbər əmələ gətirir.
Ənbər səndəl ağacına bənzər ağac qoxusuna malikdir, eyni zamanda, digər qoxuları gücləndirən və onları uzunmüddətli edən iysiz bir spirt olan ambrein ehtiva edir.
Keçmişdə ənbər həm də müalicəvi xüsusiyyətlərə malik olub: epilepsiya, astma, baş ağrıları və zəiflik olduqda qəbul edilib, qəhvə və tütünə əlavə edilib və ətir yerinə yandırılıb.

Bu maraqlıdır 2023-07-05 20:47:00