×
A
A
A
Sazlamalar

Çirkab suların monitorinqi pandemiyaya qarşı mübarizənin yeni vasitəsidir

Madrid, 27 yanvar, AZƏRTAC

Çirkab suların monitorinqi sayəsində COVID-19-a səbəb olan virusun ilkin davranışını izləmək və pandemiyaya qarşı tədbirlər görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, dünyanın 58 ölkəsində çirkab suların epidemiologiyasından COVID-19-un yayılmasına qarşı mübarizə məqsədilə istifadə edilir. Hazırda dünyada 3000-dən çox bu tipli monitorinq mərkəzi var, lakin onların əksəriyyəti (85 faizi) daha zəngin ölkələrdə, əsasən Avropada yerləşir. Gəlir səviyyəsi orta göstəricidən aşağı olan ölkələrin yalnız səkkizində bu metoddan istifadə edilir, gəlir səviyyəsi daha aşağı olan ölkələr isə siyahıya daxil edilməyib, hərçənd məhz belə ölkələr daha çox fayda gətirə bilər.
Dünyada COVID-19-a yoluxma hallarının 25 faizindən çoxu və 1,5 milyon ölüm faktı Latın Amerikası və Karib hövzəsi regionunun payına düşür. Çirkab sulardan istifadə edilməsinə epidemioloji nəzarət üzrə milli planların hazırlanması bu regionda pandemiyanın öhdəsindən gəlməyə kömək edə bilər.
Regionun bəzi ölkələrində, məsələn Braziliya, Argentina, Peru, Uruqvay və Meksikada bu epidemioloji yanaşmadan istifadə üzrə müəyyən addımlar atıblar. Bu regionda COVID-19-dan zərər çəkmiş ilk şəhərlərdən biri Ekvadorun Quayakil şəhəridir. Dünya Bankı bu şəhərdə çirkab suların monitorinqi planını dəstəkləyir.
Klinik sınaqlarla müqayisədə çirkab suların testlənməsi üçün daha az material və insan resursları tələb olunur. Deməli, bu metod iqtisadi baxımdan daha səmərəlidir.
Beləliklə, əvvəllər poliomielit xəstəliyinin və mikrob əleyhinə preparatlara davamlılığının aşkar edilməsi üçün istifadə olunan çirkab suların analizi COVID-19-dan sonra yeni təhlükələrlə üzləşən əhalinin sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edə bilər. Bu testlər həm insanların, həm də heyvanların və ətraf mühitin sağlamlığını qorumaq üçün yeni imkanlar yaradır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Səhiyyə 2022-01-27 18:24:00