×
A
A
A
Sazlamalar

“Yaxşı məhsul götürmək istəyirsənsə, bağlara qulluq etməlisən” – Hacıqabulun nar bağlarından reportaj VİDEO

Hacıqabul, 26 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulun Udullu kəndi nəinki Azərbaycanda, xaricdə də adı və dadı ilə məşhur olan narı ilə tanınır. Ötən əsrin ortalarında Udulluda salınan nar bağlarına ilk ting Göyçaydan gətirilib. Nar bağları qısa müddətdə genişlənib və Udullu sakinlərinin əsas məşğuliyyətinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Udullu kəndi qədim yaşayış məskənlərimizdən biridir. Bir vaxtlar Şamaxı rayonu ərazisinə aid edilsə də, sonralar kənd Hacıqabul rayonuna tabe olub. Əvvəllər bu kəndin əsas məşğuliyyəti heyvandarlıq olsa da, indi nar bağlarının sahəsi genişlənib və sakinlər nar yetişdirməyə daha çox üstünlük verirlər.
84 yaşlı kənd sakini Mənsim Qasımov deyir ki, kənddə nar bağlarının salınması təxminən ötən əsrin 60-cı illərinə təsadüf edir. “Həmin illərdə Udullu sakinləri ilə Göyçayın Bığır və İncə kəndlərinin sakinləri arasında qohumluq əlaqələri yaranıb. Bu qohumluq əlaqələri nəticəsində nar tingləri Udulluya gəlib çıxıb və get-gedə nar bağlarının sahəsi genişlənib. Udullunun iqlimi və torpaq örtüyü narın yetişməsi üçün əlverişlidir. Nar bağlarına göstərilən xüsusi qulluq və təbii gübrələrdən istifadə məhsulun keyfiyyətinə və kəmiyyətinə müsbət təsir göstərir. Udullu narı adı ilə tanınan bu nar sortu təkcə Azərbaycanda deyil, xaricdə də məşhurlaşıb”, - deyə Mənsim baba bildirir.
Ata-babalarından miras qalan bağları indi sakinlər köhnə adətlə və təbii üsulla qoruyub saxlayırlar. Təsərrüfatında 1500-ə yaxın nar ağacı olan Şöhrət Qasımov bol məhsul götürmək üçün bağlara qulluğun əsas şərt olduğunu söyləyir. Onun sözlərinə görə, nar ağacı hündür olmamalı, budaqları isə seyrək saxlanmalıdır: “Yeni yaranan budaqları kəsmək lazımdır ki, ağac gücü məhsula verə bilsin. Ağacın boyunun aşağı olması məhsulun yetişməsinə kömək etməklə yanaşı, həm də yığım işlərini asanlaşdırır. Bundan başqa, budaqların arası seyrək olanda narlar daha çox günəş şüası ala bilir. Ümumiyyətlə, yaxşı məhsul götürmək istəyirsənsə, bağlara qulluq etməlisən”.
Şöhrət Qasımov bildirir ki, Udullu narının dənələri iri, qabığı isə möhkəm olur. Qabığının möhkəm olması onun uzun müddət saxlanmasına imkan verir. Hətta Udullu narını aprel-may aylarına qədər saxlamaq olur. Udullu narının şirə çıxımı da çoxdur. Bu kimi keyfiyyətlərinə görə Udullu narına təkcə ölkəmizdə deyil, Rusiya bazarlarında da tələbat var.
Təsərrüfat sahibi Əflatun Qasımov da uzun illərdir narçılıqla məşğuldur. Deyir ki, indi bağlara qulluq vaxtıdır. Ağaclar budanır, dibi bellənərək təbii gübrə verilir. Görülən işlər sayəsində hər ağacdan 70-80 kiloqram məhsul götürmək olur.
Qeyd edək ki, Udullu kəndində 2 min hektara yaxın nar bağı və 1500-ə qədər təsərrüfat var. Hər təsərrüfatda isə 600-1500 arası nar ağacı əkilib. Təkcə 2021-ci ildə 10 min tondan çox məhsul tədarük olunub və bunun bir hissəsi xarici bazara, əsasən də Rusiyaya ixrac edilib.

Kənd təsərrüfatı 2022-01-26 12:48:00

Video