×
A
A
A
Sazlamalar

Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
Qeyd edib ki, ölkələr arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq mövcuddur. Tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur”.
T.Musayev, həmçinin gələcəkdə elmi-tibbi, postkovid dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığının bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir Andrey Ravkov da son illərdə iki ölkə arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının zəruriliyini bildirib.

 

Səhiyyə 2022-01-19 13:14:00