×
A
A
A
Sazlamalar

Ötən il tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri daha çox qeydə alınıb

Bakı, 19 yanvar, AZƏRTAC

2021-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Məlumata əsasən, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan və qanyaradıcı orqanların problemləri də ötən il daha çox qeydə alınan xəstəliklər arasındadır.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina (73,6 faiz), su çiçəyi (64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz) və viruslu hepatit ilə (9,8 faiz) xəstələnmə halları azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.
Qeyd edək ki, ölkədə sosialyönümlü siyasətin aparılması səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin səmərəsini artırır.

Səhiyyə 2022-01-19 12:05:00