×
A
A
A
Sazlamalar

Cəlilabadda sahələrə yüksək reproduksiyalı taxıl əkilir VİDEO

Cəlilabad, 6 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC

Respublikanın taxılçılıq üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə dənli bitkilər əkilməsi üçün şum işləri aparılıb. Hava şəraitinin əlverişsizliyi fermerləri səpinə bir qədər gecikdirsə də, bu günədək 60 min hektar sahədə taxıl səpini başa çatıb.
AZƏRTAC xəbər verir ki, taxıl Cəlilabadda əsasən dəmyə şəraitində becərilir. Ölkənin ərzaq təhlükəsizliyinin təmini və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rola malik olan taxılçılığa rayonda ilbəil maraq artır. Bu il də payızlıq əkinlər üçün 72 min hektardan çox sahədə şum işləri vaxtında həyata keçirilib. Bu günədək 50 min hektardan artıq sahədə buğda, 5300 hektar sahədə arpa, 5 min hektar sahədə isə vələmir əkini başa çatıb. Mütəxəssislərin rəyinə əsasən, bu mövsüm daha çox yerli şəraitə uyğun, toxumçuluq təsərrüfatlarında yetişdirilən sertifikatlı toxumlardan istifadə olunur.
Fermer İbrahim Məmmədovun 2 hektar 50 sot torpaq sahəsi var. “Ötən il də taxıl əkmişdim, “Atella” sortu. Quraqlıq səbəbindən hektara 20 sentner taxıl biçdim. Bu il də həmin taxıldan nümunə götürüb, yenidən əkirəm. Dövlətin bizə yaratdığı imkanlardan istifadə edərək gübrə və böcəklərə qarşı dərmanlardan istifadə etmişik. Ümidvaram ki, taxılımız bu il bol olacaq. Yağıntıların bol olması ilə biz yaxşı məhsul əldə edəcəyik”, - deyə o vurğulayıb.
Taxıl sahələrinin 7300 hektarı suvarılandır. Qalanı isə dəmyə şəraitdə əkildiyindən, fermerlər adətən səpinqabağı yağmurlu hava şəraitini gözləməli olurlar. Buna baxmayaraq, hazırda səpin işləri sürətlə aparılır.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Elxan Ağayev deyib: “Respublikamızın hər yerində olduğu kimi, Cəlilabadda da taxıl sahələrində payızlıq səpin işləri aparılır. Bildiyiniz kimi, Cəlilabadda taxıl əsasən dəmyə üsulu ilə becərilir. Bu günədək 1070 hektara yaxın sahəyə çıxış suyunun verilməsi həyata keçirilib. Rayonumuzda toxumçuluqla məşğul olan 6 fermer təsərrüfatı var və vətəndaşların toxum ehtiyaclarını ödəyirlər. Fermerlər daha çox reproduksiyalı toxumları sifariş edirlər. Hazırda yerli toxumlardan sahələrimizdə istifadə olunur. Səpin işləri demək olar ki, yekunlaşmaq üzrədir.”
Qeyd edək ki, rayonda fəaliyyət göstərən özəl toxumçuluq təsərrüfatlarında bu il 1450 tona yaxın yüksək reproduksiyalı taxıl toxumu istehsal olunub. Ümumilikdə isə rayon üzrə ötən mövsüm hər hektardan 28 sentner buğda, 24 sentner arpa olmaqla, 175 min tondan çox taxıl tədarük edilib.

Kənd təsərrüfatı 2021-12-06 11:09:00

Video