×
A
A
A
Sazlamalar

Tibb Universitetinin prorektoru beynəlxalq elmi konfransda çıxış edib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Özbəkistan Respublikası Səmərqənd Dövlət Tibb İnstitutunun təşkil etdiyi beynəlxalq elmi konfransın açılış mərasimində təbrik nitqi ilə çıxış edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İnnovativ texnologiyaların fundamental fənlərin və klinik təbabətin tibbi tədrisi prosesindəki rolu” mövzusuna həsr edilmiş tədbirdəki çıxışı zaman prorektor R.Bəylərov ATU-da tədris prosesinin təşkili və elmi tədqiqatların aparılması, təhsildə innovasiya texnologiyalarının tətbiqi, qocaman universitetin Özbəkistan ali tibb tədrisi müəssisələri ilə sıx əməkdaşlığı haqqında iştirakçılara məlumat verib. O, ATU rektoru, professor Gəray Gəraybəylinin tədbir iştirakçılarına təbrikini çatdıraraq konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxışı zamanı Səmərqənd Dövlət Tibb Universitetinin rektoru Jasur Rizayev yüksək texnologiyalar əsrində ali təhsil üçün yeni keyfiyyət göstəricilərindən danışıb. Konfransın bu sahədə bilikləri paylaşmaq, yeni ideyaları ərsəyə gətirmək məqsədi daşıdığını vurğulayıb.
Azərbaycan və Özbəkistanla yanaşı, Rusiya, Qazaxıstan və Tacikistandan da alimləri bir araya gətirən konfransda müxtəlif sahələr üzrə - anatomiya, histologiya, embriologiya, mikrobiologiya, virusologiya, immunologiyanın tədrisində innovasiya texnologiyalarının roluna həsr edilmiş müzakirələr aparılıb. Tədbirin seksiyalarında patoloji anatomiya və patoloji fiziologiyanın tədrisində, həmçinin kliniki təbabətdə innovasiya texnologiyaların verə biləcəyi faydalardan danışılıb. Elmi yığıncağın plenar iclaslarında ATU əməkdaşlarının da fərqli mövzular üzrə mühazirələri səsləndirilib, həmçinin master-klasslar təşkil olunub.

Səhiyyə 2021-05-17 15:35:00