×
A
A
A
Sazlamalar

Balakəndə süd istehsalı 531 tondan çox artıb

Balakən, 21 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun heyvandarları 2020-ci ili uğurlu göstəricilərlə başa vurublar. Ötən il rayonun ailə kəndli və ev təsərrüfatlarında, həmçinin kənd təsərrüfatı müəssisələrində 4 min 816,7 ton diri çəkidə ət, 21 min 689,6 ton süd, 10 milyon 375 min ədəd yumurta, 81,3 ton yun istehsal olunub. Heyvandarlıq məhsulları istehsalında ən çox artım süd və yumurta istehsalında qeydə alınıb. Belə ki, keçən il rayonda süd istehsalı əvvəlki illə müqayisədə 531,6 ton, yumurta istehsalı isə 152 min ədəd artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 4 min 755,3 tonu, südün isə 21 min 578 tonu ailə-kəndli və ev təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə 61,4 ton ət, 111,6 ton süd istehsal olunub.
Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb.

Kənd təsərrüfatı 2021-01-21 16:28:00