×
A
A
A
Sazlamalar

Bakıdakı 2 nömrəli şəhər poliklinikasında tibb işçilərinin vaksinasiyası yanvarın axırında başa çatacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Paytaxtdakı 2 nömrəli şəhər poliklinikasında da yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya tədbirlərinə başlanılıb. Yanvarın 18-də günün birinci yarısında 4 tibb işçisi peyvənd edilib, gün ərzində daha 6 nəfər də peyvənd ediləcək.
Poliklinikanın baş həkimi Sevda Aslanova AZƏRTAC-ın müxbirinə deyib: Poliklinikada 142 həkim və tibb işçisi çalışır, onlardan 15 nəfəri müxtəlif vaxtlarda COVID-19-a yoluxub və sağalıb. Tibb müəssisəsinin giriş qapısında hansı otağın peyvənd üçün ayrıldığını göstərən xüsusi lövhələr var. Tibb müəssisəsində vaksinasiya üçün müraciət edən vətəndaşlar üçün hər cür şərait yaradılıb. Əvvəlcə müraciət edən vətəndaş xüsusi ayrılmış otaqda qeydiyyata alınır və bundan sonra vaksinasiya otağına aparılır. Peyvənd üçün ayrılmış otaqlar soyuducular və termoçantalarla təmin edilib. Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksini xüsusi ayrılmış peyvənd otaqlarında və yalnız təlim keçmiş həkimlərin nəzarəti altında vurulur. Vaksin vurulduqdan sonra yarım saat ərzində hansısa əks təsirin olub olmadığı izlənilir. Peyvənd edilən tibb işçilərinin şəxsiyyət vəsiqələrinin pin kodu qeyd olunur və ikinci doza vurulandan sonra onlara sertifikat veriləcək. İndiyədək vaksin vurulan işçilərdən heç birində narahatlıq və hansısa əks-təsir hiss edilməyib. Peyvənd vurulan tibb işçiləri evə buraxılıblar. Yanvarın sonunadək poliklinikanın bütün tibb işçiləri vaksinasiya ediləcək. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyası başlanılacaq. İlkin peyvənddən 14-21 gün sonra isə ikinci dozanın vurulması nəzərdə tutulub”.

Səhiyyə 2021-01-18 16:03:00