×
A
A
A
Sazlamalar

İşğaldan azad olunan torpaqlarımızda tezliklə teleradio yayımına başlanacaq

Bakı, 28 dekabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.
Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının (RTYS) texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
Nazirliyin əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədilə hazırlıq görülür.
Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.
Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi şəhərləri, Qubadlı, Xocalı, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

İKT 2020-12-28 13:34:00