Kiberdələduzlar “Azərpoçt” adına saxta saytlar yaradırlar
Bakı, 14 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdar edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyirlər. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb