×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

Bakı, 9 dekabr, AZƏRTAC

İnnovasiyalar Agentliyi hər il müxtəlif sahələrdən tələbələr üçün təcrübə proqramları keçirir. Məqsəd gənclərə İKT sahəsində yeni bilik və bacarıqların öyrədilməsi ilə birgə tələbələri korporativ mədəniyyətlə tanış etmək və gələcək karyeralarında lazım olacaq bacarıqları aşılamaqdır. Pandemiya dövrünə baxmayaraq, bu il də təcrübə proqramlarının keçirilməsinə qərar verilib.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, hər zaman keçirilən təcrübə proqramlarından fərqli olaraq ilk dəfə onlayn formatda baş tutan proqram İKT sahəsində təhsil alan tələbələrə şamil edilib. İlk onlayn təcrübə proqramı İnnovasiyalar Agentliyinin “Elmi-tədqiqat, texnologiyaların transferi və laboratoriya” şöbəsində təşkil olunub. 12 tələbənin iştirak etdiyi proqram 3 ay davam edib. Təcrübə proqramı İKT sahəsində iki mövzunu "Süni intellekt" və “Saytların yaradılması”nı əhatə edib.
“Agile” layihələrin idarə olunması metodu haqqında tələbələrə geniş məlumat verilib və müxtəlif onlayn proqramlardan istifadə edərək işin qurulması və qrup daxili kommunikasiyaların idarə olunması təcrübəsi verilib. Təcrübə proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar verilib.
İlk onlayn təcrübə proqramının uğuru, ikinci onlayn proqram üçün zəmin yaradıb. Hazırda İnnovasiyalar Agentliyində ikinci onlayn təcrübə proqramı keçirilməkdədir.

İKT 2020-12-09 18:36:00