×
A
A
A
Sazlamalar

Uşaqlarda immun hüceyrələri tərəfindən interferon sintezlənmirsə, onlar koronavirusa yoluxa bilirlər

Bakı, 28 noyabr, AZƏRTAC

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da koronavirus infeksiyası sürətlə yayılmaqdadır. Epidemiya başlayanda deyilirdi ki, bir müddət sonra virus mutasiyaya uğrayacaq, xəstəlik meydana gəlməyəcək. Bu fikirlər öz təsdiqini tapmadı. Digər tərəfdən, bu ilin sonuna kimi vaksinin hazır olacağı xəbərləri yayıldı. Bunlar da insanların arxayınlaşmasına və nəticədə yoluxma saylarının artımına gətirib çıxardı. Yoluxma saylarına təsir edən digər səbəblər arasında insanların müharibə dövründə kütləvi toplanması, o cümlədən havaların soyuması səbəbindən qapalı məkanlarda daha çox vaxt keçirməsi, sosial məsafə prinsiplərinin pozulması, qaydalara məsuliyyətsiz yanaşma oldu.
Qış mövsümünün olması xəstəliyin yayılmasında mühüm rol oynayır. Son dövrlərdə COVID-19-la bağlı yeni elmi biliklər də ortaya çıxdı. Məlum oldu ki, bu virus özünü yaşatmaq üçün bioloji xüsusiyyətini hər formada dəyişə bilir. Virusa qarşı bədənin immun sistemi tərəfindən interferon tip I deyilən və virusun öldürülməsində mühüm rol oynayan sitokin sintezlənmiş olur. Məlum oldu ki, xəstələnənlərin 10 faizində autoimmun xəstəlik meydana gəlir. Yəni, proteinin özünə qarşı vücud anticisim sintezləmiş olur. Anticisim proteinlə birləşib onu neytrallaşdırır, yəni virusu öldürəcək interferon proteinini aradan qaldırır. Beləcə virus özünü xilas edir. O da məlum oldu ki, əhalinin 4 faizində genetik olaraq həmin interferonun çatışmazlığı mövcuddur. Yəni, həmin şəxslərdə anadangəlmə interferon sintezlənmir. Onlar da koronavirusa yoluxanda xəstəliyi ağır keçirirlər. Bu, çox ciddi bir məsələdir. Çünki ən yaxşı vaksin hazırlansa belə həmin 14 faizə müsbət təsir göstərməyəcək. Son məlumatlara görə, vaksinasiya olunanlarda virusun olmayacağını demək düzgün deyil. Peyvənd olunacaq insanlar virusu daşıyacaqlar. Özlərinin sağlamlığı üçün təhlükə olmasa da, infeksiyanın yayılmasında rol oynayacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.
"Dörd-altı aydan sonra insan bədənində virusa qarşı meydana gələn anticisimlərin miqdarı azalır, onlar ikinci, bəzən də üçüncü dəfə xəstələnə bilirlər. Onların həqiqətən də təkrar xəstələnməsi sual altındadır. Bəlkə də anticisimlər virusu basdıraraq onun aktivliyinin qarşısını alır. Virus bu müddətdə vəziyyətdən çıxmağa çalışır. Şərait yaranan kimi aktivləşib xəstəliyin inkişafına səbəb ola bilər. Ona görə də ya təkrar xəstələnmə ola bilər, ya da vücudun immun sisteminin, qəbul edilən bəzi dərman preparatlarının təsirindən aktivliyini itirib şərait yarananda ortaya çıxa bilər.
Epidemioloji vəziyyət getdikcə ağırlaşır. Yaxın zamanlarda əlimizdə vaksin də olsa, bu xəstəliyin tamamilə yox olması demək deyil. Bu, onu göstərir ki, maskanı düzgün taxmalı, əl gigiyenasına və sosial məsafə prinsiplərinə mütləq əməl etməliyik", - deyə A.Allahverdiyev qeyd edib.
Onun sözlərinə görə, indiyədək uşaqlar risk qrupuna daxil edilməyiblər. Belə ki, onlarda xəstəlik ya görülmürdü, ya da az rast gəlinirdi: "Genişmiqyaslı tədqiqatlar göstərir ki, genetik olaraq mutasiya varsa, uşaqların bədənində immun hüceyrələri tərəfindən interferon sintezlənmirsə, onların başqa xəstəlikləri olmasa belə, virusla xəstələnə bilirlər. Ona görə də hər zaman qorunma tədbirlərinə əməl olunmalıdır.
İnfeksion xəstəliklərə qarşı mübarizədə vaksinasiya əsas şərtlərdən biridir. Lakin vaksinlərin yaşlı qrupda nə nəticə verəcəyi bəlli deyil. Koronavirus nanovirusdur. Onun ölçüsü 100 nanometr və ondan kiçikdir. Onların bu ölçüləri hər an nəyisə dəyişmələrinə yol açır. Peyvəndləmədən sonra virusun özünü necə göstərəcəyi məlum deyil. Virus ya mutasiyaya uğraya, ya da yaranmış anticisimdən özünü qorumaq üçün başqa bir sistemini ortaya ata bilər.
Ölkəmizdə Səhiyyə Nazirliyi, TƏBİB çox aktiv şəkildə fəaliyyət göstərir. İndiki vəziyyət əvvəlkindən xeyli yaxşıdır. Yəni, bu müddət ərzində xeyli təcrübə qazanılıb. İndi əsas məsələ vətəndaşların bunu başa düşərək tövsiyələri yerinə yetirmələridir. Vaksin olsa belə, məsələ tam həll olmaya bilər. Ona görə də sosial məsafə saxlanılmasına, maska istifadəsinə və gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir".

 

Səhiyyə 2020-11-28 14:24:00