×
A
A
A
Sazlamalar

Ermənistanın təxribatları nəticəsində telekommunikasiya infrastrukturuna dəymiş ziyan aradan qaldırılır

Bakı, 3 noyabr, AZƏRTAC
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının, Bərdə şəhərinin və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlılığının təmin edilməsi məqsədilə “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” MMC tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.

İKT 2020-11-03 11:38:00