×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 6 min hektara yaxın sahədə payızlıq səpin aparılıb

Qax, 30 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 10,3 min hektarına buğda, 3 min hektarına isə arpa səpiləcək. Hazırda təsərrüfatlarda payızlıqların səpini davam edir. Fermerlər indiyədək 2336 hektarı arpa, 3566 hektarı isə buğda olmaqla, 5902 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 10 min 900 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 3 min tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Səpin kampaniyasına 150-dək şum və becərmə traktoru, 25 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Rayonun təsərrüfatlarında qarğıdalı yığımı isə yekunlaşmaq üzrədir. Qaxlı fermerlər bu il 1867 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 1721 hektar sahənin məhsulu yığılıb, 14 min 652 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 85 sentner təşkil edir.

Kənd təsərrüfatı 2020-10-30 16:47:00