×
A
A
A
Sazlamalar

Sabirabadlı fermerlər indiyədək 7 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar

Sabirabad, 29 oktyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 148 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 39 min 510, buğda zəmilərindən isə 64 min 378 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 103 min 888 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 41.3 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 7 min 656.6 hektar sahədə səpin aparıblar ki, bunun da 1905 hektarı buğda, 5 min 749 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Kənd təsərrüfatı 2020-10-29 12:53:00