×
A
A
A
Sazlamalar

Şərurlu taxılçılar gələn ilin məhsulu üçün şum aparılmasına və əkinə başlayıblar

Şərur, 29 oktyabr, AZƏRTAC 

Muxtar respublikanın Şərur rayonunda havaların əlverişli keçməsindən istifadə edən taxılçılar gələn ilin məhsulu üçün şum aparılmasına və əkinə başlayıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əkində “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnikalardan səmərəli istifadə olunur.
İndiyədək kəndlərdə taxıl əkini üçün nəzərdə tutulmuş sahələrin yarısından çoxu şumlanıb, taxıl əkini sürətlə davam etdirilir. Şumdan əvvəl sahələr mineral gübrələrlə münbitləşir, toxumlar təmizlənir və dərmanlanır, mütərəqqi metod olan şırım üsulu ilə əkinə üstünlük verilir.
Zəmilərdə hökm sürən yüksək iş ahəngi göstərir ki, rayonda taxıl səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq və gələn ilin bol məhsulu üçün möhkəm zəmin yaradılacaq.
Qeyd edək ki, rayonda ötən ilin payızında və bu ilin yazında əkinçilikdə taxılçılıq yenə də üstün istiqamət kimi saxlanılaraq, 4 min 865 hektar sahədə taxıl əkilmişdi. Bunun da 4 min 315 hektarı buğda, 550 hektarı arpa idi. Sahələrdən orta məhsuldarlıq 39,4 sentner olmaqla, 19 min 185 ton məhsul tədarük edilməsi taxılçılarda böyük stimul yaradıb.

Kənd təsərrüfatı 2020-10-29 12:33:00