×
A
A
A
Sazlamalar

Salyanda indiyədək tədarük olunan pambığın 12 min tondan çoxu maşınlarla yığılıb

Salyan, 27 oktyabr Mahir Babayev, AZƏRTAC 

Salyanda pambıq yığımının qızğın dövrüdür. Fermerlər yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində hər gün plantasiyalardan 550-555 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir. Gündəlik toplanan məhsulun 520-525 tonu 25 pambıqyığan kombaynla toplanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı pambıqçılar 5 min 10 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində bu il bol məhsul yetişdiriblər. İndiyədək sahələrdən 14 min 202 ton məhsul tədarük olunub. Toplanmış pambığın 12 min 540 tonu maşınların köməyi ilə yığılır.
Rayonda yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də fermer Alim Həsənovdur. Fermer uzun illərdir təsərrüfatın bu sahəsi ilə məşğul olur. Pambıqçı ötən il becərdiyi 8 hektar sahənin hər hektarından 35 sentner pambıq yığıb.
“Cari ildə 12 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum boldur. İndiyədək yığım apardığım sahənin hər hektarından 33 sentnerdən çox pambıq toplamışam. Hələ sahəmdə məhsul çoxdur. Əminəm ki, yığımın sonuna kimi hər hektarın məhsuldarlığı 40 sentnerə çatacaq”, - deyə fermer bildirib.
Məhsul istehsalçısı onu da vurğulayıb ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər istehsalçılar kimi, onun da bu sahəyə marağını artırıb. Fermer əkinçilərə göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirmək niyyətindədir.
Qeyd edək ki, bu il rayonda 17 min ton “ağ qızıl” yığılması nəzərdə tutulub.

Kənd təsərrüfatı 2020-10-27 11:53:00